Cihadla bağlı Əhmədi Müsəlmanlarının inancları
Əhmədilər Cihada inanırlar
Həzrəti Mirzə Bəşirəddin Mahmud Əhməd (1889-1965)
Vəd edilmiş Məsihin ikinci xələfi
Bizə qarşı yönəldilən beşinci böyük etiraz isə bizim Cihadı inkar etməyimizdir. Həmişə düşünmüşəm ki, biz Cihadı inkar etməyimizin yalan olduğunu söylədiyimiz üçün bizə qarşı belə bir saxta ittiham necə irəli sürülə bilər. Bizə görə, Cihad olmadan, inanc kamilləşə bilməz. Bu gün hər yerdə müşahidə etdiyimiz İslamın və müsəlmanların zəifliyi, inancın tənəzzülü və ya yox olması Cihad məsələsinə laqeydlikdən qaynaqlanır. Buna görə də, Cihadı inkar etdiyimizi söyləmək uydurmadır. Cihad haqqında fikilərə Qurani-Kərimin bir neçə yerində rast gəlinir və biz müsəlman və müqəddəs kitabın fədailəri olaraq bunu inkar edə bilmərik. İnkar etdiyimiz və şiddətlə müqavimət göstərdiyimiz şey, qan tökməyi, nizamsızlığı və sədaqətsizliyi yaymağı və İslam adına sülhü pozmağı doğru qəbul edən fikirlərdir. Bunu etmək İslamın şöhrətini kirlətməkdir. İslam təlimlərinin tərtibatlarımıza və istəklərimizə xidmət etmək üçün təhrif oluna biləcəyinə inana bilmərik. Biz Cihadın əleyhinə deyilik.
Biz sadəcə hər şeyə Cihad damğası vurma tendensiyasına qarşıyıq. Və əziz oxucu, sevdiklərində hər hansı bir qüsur tapmağa cəhd etsən, bunun səbəb olacağı incikliyin nə qədər böyük olduğunu yaxşı anlaya bilərsən. Hətta insan səhvini tapana nə qədər əsəbiləşər. Eynilə biz də, İslamı sözləri və ya əməlləri ilə ləkələyənlərə əsəbləşirik. Ümumiyyətlə dünya İslamı barbar bir din, İslam Peyğəmbərini isə vəhşi bir militarist monarx olaraq qəbul edir. Peyğəmbər Əfəndimizin həyatında belə bir xarakteri təcəssüm edən, təqva və fəzilət qanunlarına qarşı hər hansı bir şey tapıblarmı? Xeyr. Müsəlmanlar öz əməlləri ilə dünyaya ümumiyyətlə İslamı qarşı mənfi rəy yaratdılar, belə ki, onları artıq fərqli bir yönə çevirmək asan deyil. Peyğəmbər Əfəndimizə qarşı edilən yanlışlar arasında, müsəlmanların özlərinin Peyğəmbər Əfəndimizə onun haqqında başqaları qarşısında yalnış bir imic yaradıb, onu səhv təqdim edərək etdikləri səhvlər də var. Peyğəmbər Əfəndimiz şəfqətin və mərhəmətin təcəssümü idi. O, Allahın ən pis məxluqlarına belə zərər vermək istəmirdi. Lakin, yenə də insanları iyrəndirəcək və fikirlərini ona qarşı qərəzli edəcək şəkildə təsvir edilmişdir.
Cihad fəryadı müxtəlif yerlərdə dəfələrlə eşidilir. Bəs Allah və Peyğəmbərinin müsəlmanları dəvət etdiyi Cihad nə idi? Və bu gün dəvət olunduğumuz Cihad nədir? Allahın bizi Qurani Kərimdə dəvət etdiyi Cihad ayədə belə təsvir olunur:
“Ona görə də kafirlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük bir mübarizə apar!” (Furqan; 53)
Buna görə də, ən üstün Cihad Quranın köməyi ilə olunan Cihaddır. Bu gün müsəlmanların dəvət olunduğu belə bir Cihaddırmı? Yalnız əllərindəkı Quranla kafirlərə qarşı mücadilə edən neçə nəfər var? Məgər İslam və Quran ləyaqət və rəğbətdən tamamilə məhrumdurmu? Əgər İslam və Quran bu gün insanları öz daxili gözəlliyi ilə cəlb edə bilmirsə, İslamın həqiqiliyinə dair əlimizdə hansı dəlillər var? İnsanın nitqi ürəkləri dəyişdirə bilir. Bəs Allahın nitqi heç bir qəlbi dəyişdirə bilməzmi? Qılıncın köməyi olmadan dünyaya başqa bir dəyişiklik gətirə bilməzmi? Uzun illərin təcrübəsi göstərir ki, qılıncla qəlbləri dəyişdirmək olmaz və İslam dininə görə qorxu və minnətlə insanları dəyişdirmək günahdır. Allah Qurani-Kərimdə açıq şəkildə deməyibmi: “Münafiqlər sənin yanına gəldikləri zaman:
“Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın Peyğəmbərisən!” – dedilər. Allah da bilir ki, sən Onun Peyğəmbərisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.” (Munafiqun;2)
Bu riyakar möminlərin təsviridir. İslamı qılınc gücünə yaymaq düzgün olsaydı, üzdə İslamı qəbul edən, ancaq daxilən inkar edənləri bu şəkildə tərif etmək doğru olardımı? İnsanlara zorla İslamı qəbul etdirmək doğru olsaydı, o zaman Quran-ı Kərimə görə, qəlbdən inanmadan İslamı qəbul edənlər də həqiqi iman gətirmiş hesab olunardılar. Heç kim qılınc gücüylə insanların səmimiyyətlə dinini dəyişəcəyinə ümid edə bilməz. Bu səbəbdən İslamın qeyri-müsəlmanların dinini dəyişdirmək üçün qılıncdan istifadə etməyi öyrətdiyini düşünmək səhvdir. Digər tərəfdən İslam dini bu məsələlərdə azadlıq prinsipini açıq və birmənalı şəkildə ortaya qoyan ilk dindir. İslamın təlimi: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir.” (Bəqərə; 257)
İslam dininə görə, hər insan fərdi olaraq inanmaq və inanmamaqda azaddır. Öz məntiqini izləməkdə sərbəstdir. İslam eyni zamanda öyrədir:
“Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın! Şübhəsiz ki, Allah həddi aşanları sevmir.” (Bəqərə; 191)
Burada dini müharibələrin qanunları açıq şəkildə ortaya qoyulmuşdur. Dinə görə müsəlmanlara qarşı müharibə edənlərə, müsəlmanların zorla dinlərini dəyişdirmək istəyənlərə qarşı dini müharibə aparılmalıdır. Belə bir müharibədə belə İslam həddi aşmağı qadağan edir. Müsəlmanları zorla dinləridən döndürmək istəyən qeyri-müsəlmanlar belə bir cəhddən geri çəkilərsə, müsəlmanlar mübarizəni dayandırmalıdırlar. Belə bir təlimin qarşısında heç kim İslamın dinin yayılması üçün müharibə aparmağı öyrətdiyini söyləyə bilməz. Əgər İslam müharibə edərsə, bu hər hansı bir dini məhv etmək və ya zərər vermək üçün deyildir. Bu dini azadlığı təbliğ etmək, dini ibadət yerlərini qorumaq üçündür. Bu məsələ Qurani Kərimdə açıq şəkildə bildirilmişdir:
“Onlar (müharibə üçün izin verilənlər) o kəslərdir ki, yalnız: “Rəbbimiz Allahdır!” – dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində Allahın adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir. ”(Həcc; 40.1)
Qurani Kərimdən bu hissə, başqa insanları dinlərindən dönməyə məcbur edən insanlara qarşı olmadığı təqdirdə (məsələn, müsəlmanlar İslamdan dönməyə məcbur edilmədikdə) İslam tərəfindən dini bir müharibəyə icazə verilməməsinə dair şübhə saxlamır. Yalnız dinə qarşı müdaxilə olduqda dini müharibəyə haqq qazandırmaq olar. Ancaq icazə verildiyi təqdirdə belə, dini müharibə insanları inancından vaz keçməyə məcbur etmək, ibadət yerlərini təhqir etmək, dağıtmaq və ya insanları öldürmək məqsədi daşımır. Dini müharibələrin məqsədi öz dinini qorumaq, hər bir dini qorumaq və mənsubiyyətindən asılı olmayaraq bütün ibadət yerlərini rüsvayçılıq və məhv olmaqdan xilas etməkdir. İslam yalnız belə bir dini müharibəyə icazə verir. İslam digər dinlərin şahidi və onların qoruyucusudur. İslam şiddət, qəddarlığa və ya asılılığa tərəfdar deyil. Bir sözlə, İslam tərəfindən icazə verilən Cihad, başqalarının İslamı qəbul etməsinə mane olan və ya insanları İslamı inkar etməyə məcbur etmək istəyənlərə qarşı müharibə etməkdir. İslama görə başqalarını öldürənlərə qarşı da müharibə edilə bilər. İslamda yalnız belə insanlara qarşı müharibə etmək caizdir. Başqa insanlara qarşı Cihad yanlışdır və İslama ziddir. Bu şərtlərlə edilməyən müharibə, ölkələr arasında və ya insanlar arasında siyasi müharibə ola bilər. İki müsəlman xalq arasında da müharibə ola bilər. Ancaq bu dini müharibə olmayacaq. Şiddət və qanunsuzluqdan başqa bir şey olmayan Cihadın hazırki mənzərəsi müsəlmanlar tərəfindən başqalarından götürülmüşdür. İslamda buna icazə yoxdur. Hətta, bu İslamda belə tanınmır. Nə qədər qəribə olsa da, bu düşüncənin müsəlmanlar arasında yayılmasının məsuliyyəti, İslamı guya Cihad təliminə görə yüksək səslə qınayan xristianların üzərinə düşür. Orta əsrlərdə dini müharibələr dönəmin sifarişi idi. Bütün Avropa bu müharibələrdə iştirak etmişdi. Xristian döyüşçülər və səlibçilər Müsəlman ölkələrinin sərhədlərinə yarım-müstəqil sərhədyanı qəbilələrin Hindistan sərhədlərinə hücum etdiyi kimi hücum etdilər. Onlar eyni zamanda xristian olmayan Avropa xalqlarına da hücum etdilər. Bu müharibələrdə iştirak edən xristianlar bunu Allahın razılığını qazanmaq üçün edirdilər. Belə görünür ki, xristianların şiddətli və səbəbsiz hücumları qarşısında müsəlmanlar tarazlıqlarını itirdilər. Xristianlardan nümunə götürərək onlar da başqa xalqların və ölkələrin sərhədlərinə hücum etməyə başladılar. Öz dinlərinin öyrətdiklərini unutdular. Onlar Xristian nümunəsini tamamilə mənimsəmiş kimi görünəndə, xristianlar özləri etiraz etməyə başladılar. Artıq xristianlardan etirazların gəlməsinə baxmayaraq, müsəlmanlar xristian oyununu görə bilmirlər. Bu gün bütün dünyada bu etiraz İslama qarşı yönəlib. Bu hər yerdə İslam dininə qarşı silah kimi istifadə olunur; lakin müsəlmanlar bunu anlamırlar. Özləri də fərqində olmadan İslam düşmənlərinə İslam əleyhinə istifadə etmək üçün mətnlər və dəlillər təqdim etməyə davam edirlər. Düşmən müsəlmanların uydurduğu silahlarla İslama hücum edə bilər. Onların Cihad dediyi müharibələr İslama kömək etmir. Yalnız zərər verir. Müsəlmanlar qələbənin əxlaqi şərtlərini gözdən qaçırdılar. Zəfər silahlardan və ya rəqəmlərdən deyil, bacarıq, təşkilatçılıq, təhsil, təchizat, əxlaq və digər insanların xoş niyyətlərindən gəlir. Çox kiçik bir millət bəzən böyük bir millət üzərində qələbə qazana bilər, çünki kiçik millət zəfərin əxlaqi şərtlərinə sahibdir. Bu şərtlər olmadan ən böyük ordular belə faydasız ola bilər. Müsəlmanlar rifahlarını yanlış anlaşılan Cihadda yox, millətlərin müvəffəqiyyətini təmin edən fəzilət və bacarıqlarda axtarsalar daha yaxşı olardı. Yanlış düşünülmüş bir Cihadı təstiqləməklə onlar İslamı ləkələyir və mənafelərinə zərər verirlər. Əgər bir millət din pərdəsi altında siyasi müharibəyə başlayarsa, bu yalnız digər xalqları ona qarşı vahid düşmənçiliyə sövq edər. Digər xalqlar özlərini təhlükədə hiss etməyə başlayarlar. Dini fərqliliklərin təqlid etdiyi beynəlxalq qarşıdurmalar zamanı, başqaları üçün ən xoşməramlı olan dövlət xarici düşmənin hücumları qarşısında toxunulmaz deyildir. Dövlətlər arasında din məsələsində fikir ayrılığı yarandıqda, hər biri digərlərindən qorxar. Bu halda yaxşı davranış və xoşməramlılıq heç bir fayda vermir. Bu fəzilətlər siyasi müharibənin qarşısını ala bilər, ancaq dini müharibənin deyil. Bir sözlə, biz Cihadın vacibliyini inkar etmirik, əksinə təsdiq edirik. Biz yalnız, bunun İslama saysız-hesabsız ziyan vuran yanlış təfsirini inkar edirik. Bizim fikrimizcə, Müsəlmanların gələcəyi, Cihadın həqiqi mənasını başa düşməkdə nə dərəcədə müvəffəqiyyətli olduqlarına bağlıdır. Cihadın ən yaxşı formasının Quranla Cihad olduğunu (Furqan; 53), qılıncla Cihad olmadığını dərk edə bilsələr, din fərqinin insanların həyatına və mülkünə və ya şərəfinə qarşı şiddətə səbəb olmadığını anlayarlarsa, (Nisa:91, Bəqərə:191, Mumtəhənə:9), fikirləri və dünyagörüşləri onları doğru yola yaxınlaşdıracaq bir dəyişikliyə uğrayacaq. Sonra Qurani Kərimin bu ayəsinə uyğun davranacaqlar: “Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Bəqərə; 190) O zaman uğurdan uğura addımlayacaqlar.
“Əhmədiyyətə dəvət” Routledge & Kegan Paul, London, Boston and Henley, 1980,
pp. 52-58