Mirzə Məsrur Əhməd Həzrətləri, Xəlifətul-Məsih V (Allah onun yardımçı olsun), dünya miqyasında Əhmədiyyə Müsəlman Cəmiyyətinin ali rəhbəridir. O, Vəd edilmiş Məsih və islahatçı olan Qadiyanlı Həzrət Mirzə Qulam Əhmədin (Ələyhi salam) beşinci Xəlifəsidir.
Mərhum Mirzə Mansur Əhməd və mərhum Nasirə Begum Ahmad Həzrətləri evində 15 sentyabr 1950-ci ildə Pakistanda, Rabvah şəhərində anadan olub.
22 Aprel 2003-cü il tarixində Əhmədiyyə Müsəlman Cəmiyyətinin ömürlük Xəlifəsi vəzifəsinə seçilən Mirzə Məsrur Əhməd Həzrətləri, dünya miqyasında 200-dən çox ölkədə yayılmış milyonlarla üzvü olan beynəlxalq bir dini təşkilatın mənəvi və inzibati rəhbəri kimi xidmət edir.
Xəlifə seçildiyi gündən bəri, Mirzə Məsrur Əhməd Həzrətləri dünya miqyasında İslamın sülhməramlı mesajını hər kəsə çatdırmaq üçün həm digital, həm də çap mediasında kampaniyalara rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Əhmədiyyə Müsəlman Cəmiyyətinin milli qolları İslamın həqiqi və dinc təlimlərini əks etdirən kampaniyalara başladılar. Bütün dünyadakı Əhmədi müsəlmanlar milyonlarla ‘Sülh broşurasını müsəlmanlara, həm də qeyri-müsəlmanlara çatdırmaq, dinlərarası və sülh simpoziumlarına ev sahibliyi etmək, Qurani Kərimin həqiqətlərini və nəcib mesajını təqdim etmək üçün sərgilər keçirməklə ciddi səylə məşğuldurlar. Bu kampaniyalar dünya media miqyasında işıqlandırıldı və İslamın sülhü dəstəklədiyini, yaşadığı ölkəyə sədaqətini və insanlığa xidmətini nümayiş etdirirdi.
2004-cü ildə Mirzə Məsrur Əhməd Həzrətləri sülh və barışın təşviqinə dair fikir mübadiləsi aparmaq üçün hər sahədən olan qonaqların bir araya gəldiyi hər il keçiriləcək Milli Barış Simpoziumunu fəaliyyətə başlatdı.
Mirzə Məsrur Əhməd Həzrətləri insanlığa xidməti təbliğ etmək və asanlaşdırmaq üçün dünya miqyasında səfərlər etmişdi. Mirzə Məsrur Əhməd Həzrətlərinin rəhbərliyi altında Əhmədiyyə Müsəlman Cəmiyyəti dünyanın ucqar yerlərində mükəmməl təhsil və səhiyyə xidmətlərini təmin edən məktəblər və xəstəxanalar tikdirmişdi.
Mirzə Məsrur Əhməd Həzrətləri cəmiyyətin hər təbəqəsində sülh yaratmağa çalışır. O, Əhmədiyyə Müsəlman Cəmiyyətinin üzvlərinə davamlı olaraq nəsihət edir ki, ‘Cihad’ (və ya mübarizə) həyata keçirmək üçün Cihadın həqiqi və ən böyük forması olan fərdi islahatlara can atın, beləliklə, hər bir Əhmədi Müsəlman hər şeydən əvvəl özündə hüzur yaratmalıdır, daha sonra başqalarına hüzur tapmaq üçün kömək etməlidir.
Mirzə Məsrur Əhməd Həzrətləri eyni mesajı bütün digər insanlara da verir. O, Melburnda xüsusi bir qəbulda qeyri-müsəlman bir qonağın sülhməramlılıqla əlaqəli bir sualına cavabında demişdi: “Əgər sənin içində hüzur varsa, deməli sən sülhü tərənnüm edirsən. Və əgər bizim hər birimizin içində hüzur varsa, bu o deməkdir ki, biz sülhü başqalarına tərənnüm edəcəyik.”
Fərdi və kollektiv səviyyədə, yerli, milli və beynəlxalq platformalarda, Mirzə Məsrur Əhməd Həzrətləri İslamın həqiqi təlimləri əsasında sülhməramlılığın praktiki tərəfləri haqqında hamıya tövsiyələr verməyə çalışır.
Mirzə Məsrur Əhməd Həzrətləri hazırda Londonda, İngiltərədə yaşayır. Əhmədi müsəlmanların mənəvi lideri kimi bütün dünyada o, təravətli sülh və mərhəmət mesajları vasitəsilə güclü şəkildə İslamı dəstəkləyir.